Avropa təhsilli gənc Bakıda küçə söhbətinin qurbanı oldu
21 Oktyabr 2013 14:37 KriminalAvropa təhsilli gənc oğlan gecə klubuna soyuq çay içmək üçün girmişdi, arzulamadığı insanlarla üzləşdi.
Milli.Az bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda yerləşən gecə klubundakı qətlin qarqanlıq məqamlarını araşdırıb.
Bir neçə gün əvvəl Naxçıvani küçəsindəki "Magic" gecə klubunda qətlə yetirilən 24 yaşlı Səttar Məmmədzadənin qətlinə səbəb olan mənasız mübahisənin sonu oxuculara məlumdur. Xatırladaq ki, S.Məmmədzadə gecə klubunda 20 yaşlı Ənvər Həsənov tərəfindən qətlə yetirilib. S.Məmmədzadə tanışları ilə gecə klubuna "İce tea" içməyə girib. Ofisiant qız onların sifariş verdiyi "İce tea"ni gətirəndən sonra onlara bir nəfər yaxınlaşaraq başqa adamları tanıyıb-tanımaması ilə bağlı suallar verməyə başlayıb. S.Məmmədzadə isə həmin şəxsləri tanımadığını deyib. Bu zaman həmin şəxs adını çəkdiyi adamların hörmətli insanlar olduğunu və "onları tanımayan özünü tanımır" deyərək əsəbləşib. Elə bu söz davaya səbəb olub.
Beş nəfərin iştirak etdiyi davada S.Məmmədzadə ürəyindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Onu qətlə yetirən Ə.Həsənov isə tutularaq istintaqa təhvil verilib.
Binəqədi Rayon Polis İdarəsindən Milli.Az belə məlumat əldə etdi ki, S.Məmmədzadə Londonda ali təhsil alaraq vətənə qayıdıb və Bakıdakı məşhur xarici şirkətlərdən birində çalışırmış. Qətldə şübhəli bilinən Ə.Həsənovun atasının isə hava limanında yüksək vəzifədə olduğu bildirilir.
Xəbərin izindəyik, bizi izləyin...