Türməyə mobil telefon keçirilməsinin qarşısı alınıb
17 Oktyabr 2013 14:25 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.3.2 maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş şəxs Rəşad Dilavər oğlu Abdullayevə vətəndaş Sayad Mirzağa qızı Əbdülbağıyevanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı qış geyimlərinin arasında gizlədilmiş daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.2 və 181.2.5 maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş şəxs Tural Mail oğlu Qasımovun kamerasına baxış keçirilərkən gəzinti yerinin qapısının üst dəmirində gizlədilmiş daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Faktlar üzrə araşdırma aparılır.