Bağlı qapı arxasında huşsuz qalmış şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1933-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31