Astarada arvadına dəhşətli işgəncələr verən şəxs həbs edildi
7 Oktyabr 2013 12:41 KriminalAzərbaycanın Astara rayonunda həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən, rayonun Kələdəhnə kənd sakini, 33 yaşlı Çingiz Mehdiyevin həbs olunması barədə sanksiya verilib. Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, Ç. Mehdiyev prokurorluğun sanksiyasına əsasən həbs olunaraq istintaq orqanlarına təhvil verilib.
Astara Rayon Prokurorluğundan isə məsələ ilə bağlı hər hansı açıqlanma verilməyib.
Qeyd edək ki, Çingiz Mehdiyev 9 il öncə ailə həyatı qurduğu 28 yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun əl-qolunu bağlayaraq işgəncələr verməkdə, müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirləndirilir.
N. Xəlilova hazırda Astara Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.