DİN Cəmil Həsənlinin nümayəndəsinə basqına aydınlıq gətirdi

Orxan Mansurzadə: “Bu barədə yayılan məlumat böhtan xarakterlidir”

Azərbaycan Daxili İşlər Nazirliyi prezidentliyə namizəd Cəmil Həsənlinin Lənkərandakı səlahiyyətli nümayəndəsinin sakinlərlə görüşü zamanı polisin mənzilə basqın etməsi və ona rayondan çıxarılması ilə bağlı xəbərdarlıq edilməsi barədə yayılan məlumatın həqiqətəuyğun olmadığını bəyan edib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Orxan Mansurzadə Trend-ə açıqlamasında bildirib ki, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi, AXCP-nin sədr müavini Nurəddin Məmmədlinin oktyabrın 3-də seçicilərlə görüşü zamanı polislərin mənzilə basqın etməsi, N.Məmmədlinin və bir neçə şəxsin polis bölməsinə aparılması barədə yayılan məlumat böhtan xarakterlidir, tam yalandır və heç bir hüquqi əsası yoxdur.

DİN rəsmisinin sözlərinə görə, əslində hadisə başqa cür olub: "Oktyabrın 3-də Lənkəranda polis bölməsinə əməliyyat məlumatı daxil olub ki, rayonda çayxanada bir qrup şəxs obyektin qapısını bağlayaraq səbəbi, məzmunu məlum olmayan tədbir keçirir və Bakıdan gələn şəxs çayxanaya pəncərədən daxil olub. Sözsüz ki, polis də məlumatı dəqiqləşdirmək üçün hadisə yerinə gedib və dəqiqləşmə aparılarkən məlum olub ki, çayxanaya pəncərdən girən şəxs Nurəddin Məmmədli olub. Tədbirə isə insanları pul verərək gətiriblər. Bundan sonra Nurəddin Məmmədlidən tədbirin belə gizli keçirilməsinin səbəbini soruşmuşuq. Lakin onun polis bölməsinə aparılması və yaxud hansısa polis bölməsindən ona zəng gələrək hədələndiyi barədə məlumat tam yanlışdır".

O.Mansurzadə deyib ki, əslində N.Məmmədli mövcud qanunvericiliyin tələblərini pozub. Çünki hər hansı prezidentliyə namizədin səlahiyyətli nümayəndəsi seçicilərlə görüş keçirmək istəyərkən Dairə Seçki Komissiyasını məlumatlandırmalıdır. Bunun əsasında ona görüş üçün yer ayrılmalı və polisə tədbirin təhlükəsizliyini təmin etmək üçün müraciət edilməli idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31