Bakıda daha bir quldur dəstəsi zərərsizləşdirildi
6 İyul 2012 16:11 KriminalBakıda daha bir quldur dəstəsi zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mütəşəkkil dəstə bu il fevralın 13-də Bakının Qala qəsəbəsində mənzilə soxulub. Məlumata görə, dəstə üzvləri Qala qəsəbə sakini İsmət Quliyevin evinə girib onu və arvadı Pərini bıçaqla hədələyərək əl və ayaqlarını yapışqanlı lentlə bağlayıb. Dəstə üzvləri mənzildən 500 manat və qızıl əşyalarını götürüb hadisə yerindən uzaqlaşıblar. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Ramin Quluzadə Bakı şəhərində, Şahbuz rayon sakini, əvvəllər məhkum olunmuş Yusif Məhərrəmov isə Naxçıvan şəhərində tutulublar.