Bakıda qadından taksi sürücüsünə “seksual təklif” böhtanı
24 yaşlı qadın taksi sürücüsünü biabır edəcəyi ilə şantaj edib
3 Oktyabr 2013 15:59 KriminalÖtən gün Bakının Nizami rayon 23-cü polis şöbəsinə taksi sərnişininə hücum barədə ərizə daxil olub. Nizami rayon Polis İdarəsindən "Vesti.az"a verilən məlumata görə, 1989-cu il təvəllüdlü Yasamal rayon sakini Günel Ceyhun qızı Həsənova ərizə ilə müraciət edərək göstərib ki, oktyabrın 1-dən 2-nə keçən gecə təxminən saat 01:00 radələrində, Heydər Əliyev prospektində, "Koroğlu" metro stansiyasının qarşısında 10 LO 640 dövlət nömrə nişanlı taksiyə əyləşib.
G.Həsənova qeyd edib ki, şəhərin mərkəzinə gedirmiş. Stansiyadan bir qədər aralandıqdan sonra taksi sürücüsü ona intim münasibətdə olmağı təklif edib. Bundan özünü təhqir olunmuş hesab edən Həsənova etiraz edib və sürücüdən maşını dayandırmasını istəyib. Lakin kişi bıçaq çıxarıb və onu hədələyərək, 30 manat pul, həmçinin mobil telefonunu alıb.
Taksi sürücüsü tapılaraq polis idarəsinə gətirilib. Onu tapıb sahəyə gətirəndə isə, G.Həsənovanın sürücüyə böhtan atması, onun barəsində polislərə yalan məlumat verməsi aydın olub.
"Əvvəla, G.Həsənovanın telefonu elə özündə olub. İkincisi, saxlanılan şəxslə üzləşdirmədən sonra o, yalan danışdığını etiraf edib. Məlum olub ki, taksi sürücüsü qızı istədiyi ünvana çatdırmaqdan imtina edib və bu zəmində onların arasında münaqişə yaranıb.
O zaman qız sürücünü hədələyib ki, polisə şikayət edəcək, onun üçün çoxlu problemlər yaradacaq. G.Həsənova elə gündədir ki, sürücünün ona intim təklif edəcəyinə inanmaq çətindir. Bundan başqa, faktla bağlı materiallar rayon prokurorluğuna göndərilib, qoy istintaqı başa çatdırsınlar. Bundan başqa, G.Həsənovanın özü barəsində yalan məlumatlara görə cərimə tədbirləri görüləcək", - deyə Nəsimi rayon 23-cü polis bölməsindən bildiriblər.