Antalyadan soyuq silah gətirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Pərviz Əhədova məxsus çantaya gömrük baxışı keçirilib. Baxış zamanı həmin çantadan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış dəyənək aşkar olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə,  ilkin araşdırma zamanı P.Əhədov izahatında həmin dəyənəyi Antalya şəhərindən suvenir qismində aldığını bildirib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən isə kustar üsulla hazırlanmış həmin əşya əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.  Həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində buna bənzər daha bir qaçaqmalçılıq halının qarşısı alınıb. Belə ki, Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Orxan Əhədova məxsus çamadana gömrük baxışı keçirilib. Baxış zamanı oradan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış dəyənək və 2 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub. İlkin araşdırma zamanı O.Əhədov da izahatında həmin dəyənək və "beşbarmaq"ları Antalya şəhərindən suvenir qismində aldığını bildirib. Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, kustar üsulla hazırlanmış həmin əşyalar da əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31