Rail Rzayevin qatili tapılmır

Generalın ölümü ilə bağlı cinayət işində yenilik yoxdur

Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlinin üstünün açılması istiqamətində heç bir yenilik yoxdur. "OLAYLAR"ın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, vaxtından asılı olmayaraq törədilən istənilən adam öldürmə faktı ilə bağlı cinayət işi açılır və istintaq aparılır: "Qəsdən adamöldürmə bağlı qalan bütün cinayət işləri bizim nəzarətimizdədir. Rail Rzayevin də ölümü ilə bağlı cinayətin açılması istiqamətində işlər davam etdirilir".

Qeyd edək ki, Rail Rzayev 2009-cu il fevralın 11-də səhər saatlarında Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31