Piyadanı öldürən sürücünün şikayəti rədd edildi
23 Sentyabr 2013 18:38 KriminalŞirvan Apellyasiya Məhkəməsində piyadanı vurub öldürməkdə təqsirli bilinən Masallı rayon sakini 25 yaşlı Pərvin Rəhimovun məhkəməsi başa çatıb.
"OLAYLAR"ın məlumatına görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə P.Rəhimovun apellyasiya şikayəti araşdırılsa da, təmin edilməyib. Məhkəmənin qərarı ilə Lənkəran Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Lənkəran Rayon Məhkəməsinin hokmü ilə Pərvin Rəhimov ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinərək 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 19 oktyabr 2011-ci il tarixində saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən Lənkəran-Boradigah avtomobil yolunun 1-ci km-də sürücülük vəsiqəsi olmadan idarə etdiyi Volkswagen Touareg" markalı 10-SC-034 dövlət qeydiyyat nişanlı avtomobillə piyada Kərimov Namiq Sulduz oğlunu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.