DİN: AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bildirib. Şöbə rəisi bildirib ki, Türkel Kərimli daha 2 nəfərlə birgə şəhərdə prezidentliyə namizədlərin seçki plakatlarını cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb:

"Sentyabrın 22-də axşam saatlarında paytaxtın Nəsimi rayonunda 3 nəfər şəxs prezidentliyə namizədlərin seçki ilə bağlı plakatlarını cırarkən polis əməkdaşları bunu görüb və onları nizam-intizama riayət etməyə dəvət ediblər. Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan bu şəxslər polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərməyə və hay-küy salmağa başlayıblar. Bununla əlaqədar onlar polislər tərəfindən saxlanılıblar. Həmin şəxslər barəsində məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sənədləşdirilərək barələrində protokol tərtib olunub və baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib."

Şöbə rəisinin sözlərinə görə, bəzi KİV-də yayılan məlumatların əklsinə olaraq, polislər həmin şəxsləri saxlayarkən onların kimliyi və hansı siyasi partiyaya mənsub olduqları barədə məlumatları olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31