Penitensiar xidmət ittihamlara aydınlıq gətirdi

Bəzi kütləvi informasiya vasitələrində barəsində qaldırılmış cinayət işi üzrə keçirilən məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs İlqar Məmmədova istinadən Penitensiar xidmətin məsul əməkdaşı tərəfindən guya ona təzyiq edildiyini və 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində müəyyən edilmiş namizədə səs verməyə təklif olunduğu barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.\  "Olaylar" İA / Bununla əlaqədar Ədliyyə nazirliyinin Penitensiar xidməti aşağıdakıları nəzərə çatdırır:
"09 oktyabr 2013-çü il tarixdə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Penitensiar xidmətin tabe qurumlarında lazımi hazırlıq işləri aparılır. Belə ki, tabe qurumların kitabxanaları seçkiləri tənzimləyən normativ hüquqi aktlarla təmin edilmiş, xidmət əməkdaşları tərəfindən istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, müvafiq seçki prosedur qaydaları cəza çəkənlərin nəzərinə çatdırılır . Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq prezidentliyə namizədlərin təbliğat-təşviqat plakatlarının, onların seçkiqabağı platformalarını əks etdirən müvafiq sənədlərin nəzərdə tutulmuş müddətlərdə tabe müəssisələrin görünən yerlərindən asılması təmin ediləcəkdir.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin baş idarəsinin məsul əməkdaşları, habelə cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən hər hansı təqsirləndirilən şəxsin və ya məhkumun keçiriləcək Prezident seçkiləri zamanı bu və ya digər namizədin leyhinə səs verməsini təmin etmək məqsədi ilə onlara təzyiqlərin edilməsi barədə məlumatlar həqiqəti əks etdirmir, real vəziyyəti təhrif edir və ucuz sensasiya xatirinə əlavə diqqətin cəlb edilməsi məqsədi güdür. Ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən Prezident seçkilərinin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində şəffaf, sərbəst səsvermə yolu ilə keçirilməsi təmin ediləcək, seçki hüququna malik olan bütün təqsirləndirilən şəxslərin və məhkumların azad, sərbəst, seçki qanunvericiliyinə uyğun səs vermələri üçün bütün lazimi şərait yaradılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31