Prokuror Bakıda 3 nəfəri güllələyən mütəşəkkil dəstə üzvlərinə cəza istədi
20 Sentyabr 2013 18:11 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Bakıda silahlı qarşıdurma yaradaraq 3 nəfəri güllələyən mütəşəkkil dəstə üzvləri Əsəd Əliyev, Məhəmməd Əliyev və Seymur Əliyevin işi üzrə məhkəmə prosesi keçirilib. "OLAYLAR"ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Seymur Əliyevin ömürlük, Əsəd Əliyevin 14 il, Məhəmməd Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, bu il yanvarın 6-da Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində "Makarov" tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atəş açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaq xəsarətləri yetiriblər.
Hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla biri-birlərinə yol vermədiklərinə görə, Əsəd Əliyevlə Sadiq Musayev arasında mübahisə baş verib. Bu zaman Sadiq Musayev və onunla birlikdə olan Elxan Bayramzadə Əsəd Əliyevi yumruqla vurublar. Ertəsi gün Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur Elxan Bayramzadə, Elçin Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər. Lakin mübahisə daha da böyüyüb.
İş üzrə zərərçəkən Sadiq Musayev Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşı oğludur.