22 nəfərin pulunu mənimsəyən şirkət rəhbərinin cəzası yüngülləşdirildi
20 Sentyabr 2013 18:09 KriminalBakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən "Azik" tikinti şirkətinin rəhbəri Azər Həmzəyevin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə yeni hökm çıxarılıb. Hökmə görə, Azər Həmzəyevin barəsində 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
A.Həmzəyev Cinayət Məcəlləsinin 178.3.2-ci (küllü miqdarda dələduzluq etmək) maddəsi ilə təqsirli bilinib və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Təqsirləndirilən şəxs Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmədə onun işinə baxan hakimlər cinayət işinin materiallarına yenidən baxılması üçün apellyasiya protestinə qaytarılması barədə qərar qəbul ediblər. Növbəti dəfə baş tutan apellyasiya məhkəməsi onun cəzasını azaldıb.
İttihama görə, 2007-ci ilin noyabr ayında 35 yaşlı Bakı şəhər sakini, "Azik" tikinti şirkətinin rəhbəri Azər Həmzəyev Bakı sakini Müşfiq Hüseynova bağ evi tikmək adı ilə onunla müqavilə bağlayıb və 100 min manat pul alıb.
Lakin A.Həmzəyevin rəhbərlik etdiyi şirkətin əməkdaşları tikinti işlərini keyfiyyətsiz görüblər və tikinti işlərini sona qədər aparmayıblar. A.Həmzəyev isə M.Hüseynovdan aldığı pulları mənimsəyib.
Bundan başqa, Həmzəyev 2007-2008-ci illər ərzində Bakı şəhərində daha 22 nəfəri aldadaraq, onların pullarını mənimsəyib.