Sərhəddən 10 kq psixotrop maddə keçirilməsinin qarşısı alındı
9 Sentyabr 2013 17:33 KriminalBu günlərdə Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Zarifi Edris Hosseinin idarə etdiyi, İran vətəndaşı Nasiri Mohammad Feizollahın sərnişini olduğu "Samand LX" markalı, 69 B 898-10 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilmiş 15 ədəd plastik qablarda külli miqdarda, 10 kiloqram 080 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülüb. DGK mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə cinayətkar qrupun digər üzvlərinin ifşa olunması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.