Balıqçı dəstəsi məhkəmə hökmüilə razılaşmır

Şirvan Apellyasiya Məhkəməsində Lənkəranın Balıqçılar kəndinin həbsdə olan 5 sakininin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlanıb. "OLAYLAR"ın məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçən ilkin məhkəmə baxışı iclasında şikayətə baxılması qaydası müəyyən edilib. Məhkəmə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması haqda qərar verib. Məhkəmə baxışı iyulun 20-nə təyin edilib.
Xatırladaq ki, ötən il dekabrın 15-də gecə saatlarında Lənkəran rayonunun Balıqçılar qəsəbəsində yerli sakinlərlə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları arasında insident baş verib. İnsident sərhədçilərin balıq ovu ilə məşğul olan qəsəbə sakinlərini dənizə buraxmaması səbəbindən yaranıb. Sərhədçilər Nazirlər Kabinetinin balıqçıların ov üçün sahildən dənizin 2 kilometrlik məsafəsinə qədər getməsinin qadağan olunması barədə qərarına əsaslanıblar.  Sərhədçilər qaydanı pozaraq uzaq məsafəyə ov üçün gedən yerli sakinlərə məxsus 5 balıqçı gəmisini içindəki 9 nəfərlə birlikdə saxlayıblar. Hadisə zamanı kəndin 9 sakini Lənkəran ŞPŞ-nə aparılıb. Onlardan 3-nün izahatı alınaraq elə həmin gün evə buraxılıb. Saxlanılan qəsəbə sakinlərindən daha iki nəfər - Qabil Əliyev dekabrın 16-da, Cavanşir İsmayılov isə dekabrın 17-də sərbəst buraxılıb.  Həbs olunan digər beş sakin - 1951-ci il təvəllüdlü İsmayıl İsi oğlu Hüseynovun, 1978-ci il təvəllüdlü Xaliq Arif oğlu Ələkbərovun, 1984-cü il təvəllüdlü Farid Nizami oğlu Məmiyevin və 1993-cü il təvəllüdlü Kainat Ağaməcid oğlu Abbaszadənin və 1986-cı il təvəllüdlü Mirağa Mirsalam oğlu Abbasovun barəsində isə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.Mirağa Mirsalam oğlu Abbasov 6 il, Xalıq Arif oğlu Ələkbərov isə 5 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən digər üç sakin İsmayıl İsi oğlu Hüseynov, Fariz Nizami oğlu Məmiyev və Kainat Ağaməcid oğlu Abbaszadə isə məhkəmə zalından azadlığa buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31