Salyanda toyu yasa çevirən şəxs 9,6 il cəza aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda toyda yaranan mübahisə zamanın bir nəfəri öldürərək  digərinin yaralanmasında təqsirli bilinən Nüsrət Şəbiyevin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nüsrət Şəbiyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum  edilib.
İttihama görə, ötən il noyabrın 18-də Salyanın Yolüstü kəndində Salyan-Şirvan yolunun yaxınlığındakı şadlıq evində keçirilən toy mərasiminə gələn bir neçə şəxs arasında baş verən mübahisə sonda davaya çevrilib. Bir-birini başa düşməyən gənclər bıçağa əl atıb və nəticədə iki nəfər- Zöhrab Səfərli və Elçin Qafarlı xəsarət alıb.
Salyan rayon Polis İdarəsinin Cinayət-axtarış bölməsinin rəisi Haqverdi Zeynalovun sözlərinə görə, həmin vaxt Nüsrət Şəbiyev Yeni Uluxanlı kənd sakini Elçin Qafarlının sol bud nahiyəsindən iki xəsarət yetirib.
Eyni zamanda o, Zöhrab Səfərliyə də eyni xəsarətlər yetirib. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onlardan birinin - Elçin Qafarlının həyatını xilas etmək mümkün olmayıb. O, kəskin qanitirmədən dünyasını dəyişib. Digər yaralının isə həyatını xilas etmək mümkün olub.
İstintaq həmçinin müəyyən edib ki, gəncləri bıçaqlamaqda şübhəli bilinən 21 yaşlı Salyan rayonunun Qaraçala qəsəbə sakini Nüsrət Şəbiyev hadisə yerindən qaçsa da, tezliklə Salyan rayon Polis Şöbəsi və rayon prokurorluğunun apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilərək istintaqa təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31