Dünya çempionunu öldürmək istəyən Bakı çempionuna hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan qaydasız döyüş üzrə Bakı çempionu Elnur Mehdiyevə hökm oxunub. Elnur Mehdiyev Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Məhkəmənin hökmü ilə Elnur Mehdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Elnur Mehdiyev ötən ilin oktyabrın 3-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində şəxsi münasibətlər zəminində Abşeron rayon sakini Bəhruz Çıraqova çoxsaylı bıçaq xəsarəti yetirib. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Elnur Mehdiyev tutulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, hər iki şəxs əlbəyaxa döyüş üzrə tanınmış idmançılardır. Belə ki, Bəhruz Çıraqov "Məhəmməd Əli" idman klubunun baş məşqçisi, əlbəyaxa döyüş üzrə dünya çempionudur. Elnur Mehdiyev isə qaydasız döyüş üzrə Bakı çempionudur. İstintaq həmçinin müəyyən edib ki, çempionların cinayət törətməsinə səbəb söyüş olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31