Mingəçevirdə bir neçə cinayət əməlinə görə axtarışda olan şəxs saxlanıb
Saxlanan zaman polisə silahlı müqavimət göstərən Fikrət Gülmməmədov zərərsizləşdirilib
27 Avqust 2013 15:29 KriminalMingəçevir. Elvin Yaqubov-APA. Mingəçevirdə bir necə cinayət əməlinə görə axtarışda olan Ağdam sakini tutulub. Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov APA-ya bildirib ki, Cinayət Məcəlləsinin 126.2.4 və 315.1 maddələri ilə (Soyuq silahla qəsdən adama ağır bədən xəsarətləri yetirmə və polis əməkdaşına müqavimət göstərmə) barəsində cinayət işi açılaraq axtarış elan olunan Ağdamın Qiyaslı kənd sakini, Mingəçevirdə müvəqqəti məskunlaşmış 1977-ci il təvəllüdlü Gülməmmədov Fikrət Muxtar oğlu polis əməkdaşları tərəfindən keçirilən peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün səhər saatlarında tutulub. Fikrət Gülməmmədov tutularkən polis əməkdaşlarına qarşı növbəti dəfə bıçaqla müqavimət göstərsə də, o zərərsizləşdirilib. Polis əməkdaşları Fikrət Gülməmmədovun idarə etdiyi, qardaşına məxsus 90-RZ-667 dövlət nömrə nişanlı "Hyundai Sonata" markalı minik maşınına baxış keçirərkən oradan bir ədəd "Makarov" markalı tapança, bir ədəd sandıqça və 3 ədəd güllə götürüblər. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.