Son 18 ildə Azərbaycanda 24 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib
2 İyul 2012 17:16 Kriminalİyunun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə çıxış edən daxili işlər naziri Ramil Usubov ölkədə son 18 ildə baş verən cinayətlərin statistikasını açıqlayıb. "OLAYLAR"ın məlumatına görə, daxili işlər naziri bildirib ki, 1994-cü ildən bu günədək olan dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, 6 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Nazirin dediyinə görə, hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar və s. əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. Həyata keçirilən kompleks tədbirlərlə orqan və hissələrdə qanunçuluq da əhəmiyyətli dərəcədə möhkəmlənmiş, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına nail olunub. Təkcə ötən il polis əməkdaşlarından şikayətlərin sayı 2010-cu ilə nisbətən 26 faiz, əsassız saxlamalar 32 faiz, əsassız gətirmələr 46 faiz, əsassız cinayət məsuliyyətinə cəlb etmələr isə 60 faiz azalıb.