Bakıda avtobus yandı, ağır xəsarət alanlar var
23 Avqust 2013 12:54 KriminalBu gün səhər saat 09:00 radələrində Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu yanıb. Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Anspress-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında Bakıdan Gürcüstana gedən ikimərtəbəli sərnişin avtobus qəfil alovlanıb. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər 2 nəfəri alovun içindən çıxarıblar. 2 nəfər isə xəstəxanaya yerləşdirilib.Yanğının digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb və söndürülüb.Avtobusun yanması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. Anspress-in məlumatına görə, avtobusun yanması nəticəsində 47 yaşlı Təyyar Hümbətov və 57 yaşlı Vidadi Qasımov xəsarət alıblar. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.