“Lotu Qoca”nın qətlinin təfərrüatları

Qanuni oğru II Fəxri Xiyabanda dəfn olunub

Avqustun 18-də Türkiyədə öldürülən cinayət aləminin tanınmış üzvü, "Lotu Qoca" kimi məşhurlaşan Əlibala Həmidov avqustun 20-də Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun dəfnində 500-ə yaxın adam iştirak edib. Onların arasında cinayət aləminin tanınmışları da olub. Ə.Həmidovun cənazəsi yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsindəki evdən götürülüb. Türkiyədən onun cənazəsinin Bakıya Adəm Avarskinin müşayiəti ilə gətirildiyi bildirilir.
Bu gün Ə.Həmidovun 3 mərasimi keçiriləcək.
Yas mərasimində Ə.Həmidovun qətlində bir qədər əvvəl öldürülən "Ded Xasan"ın tərəfdarlarının adı hallandırılırdı. Bildirilirdi ki, Moskvada fəaliyyətdə olan "Ded Xasan" qruplaşmasının üzvləri "Lotu Qoca"ya onlardan uzaqlaşmasını bağışlaya bilməyiblər. Bu haqda "Yeni Müsavat"ın 20 avqust sayında dərc olunan "Lotu Qoca"nı kim güllələyib" sərlövhəli yazıda da söhbət açılırdı. Rusiya mətbuatına istinadən bildirilirdi ki, Ə.Həmidov İstanbul restoranlarından birində gürcü "qanuni oğru"ların iştirakı ilə baş verən dava zamanı öldürülüb. "Qoca"nın aradan götürülməsinin əsas səbəbi kimi isə "Ded Xasan"ın öldürülməsindən sonra onun mövqeyini dəyişərək "Rövşən Lənkəranski"nin tərəfinə keçməsi vurğulanırıb. Onun son "səhv"i kimi isə Vaje Biqanişvili tərəfindən iyunda təşkil olunan "tacqoyma" mərasimində iştirakı göstərilirib.
Aldığımız məlumatda deyilir ki, "Lotu Qoca" İstanbulda gürcü "qanuni oğru"ların əhatəsində olarkən "Ded Xasan"ın adamları tərəfindən atəşə tutulub. Ətrafındakılar "Lotu Qoca"nı xəstəxanaya çatdırsalar da ayağından, qarnından və başından atılan güllələr onun kəskin qanitirməsinə və nəticədə dünyasını dəyişməsinə səbəb olub. "Lotu Qoca"ya atəş açan şəxslər 2 nəfər olub, onların kürd əsilli olmaları haqda da xəbər var.
Yazmışdıq ki, Aslan Usoyanın ("Ded Xasan") sağlığında onun klanında əsas söz sahibləri azərbaycanlı "qanuni oğru"lar olub. "Ded"in bu ilin yanvarında qətlindən sonra azərbaycanlı avtoritetlər bu klandan uzaqlaşıblar. Onların sırasında isə "Lotu Qoca" da olub. Rusiya mətbuatı yazırdı ki, bu yaxınlarda həm "Ded", həm də onların əleyhinə olan gürcü qruplaşmaları Yunanıstanda bir-birinin ardınca bir neçə "sxodka" keçiriblər.
58 yaşlı "qanuni oğru", Kutaisidə doğulmasına baxmayaraq, "Ded Xasan"ın klanına daxil olan Dato Sebiskberidze 3 gürcü və bir azərbaycanlını "taclandırıb". Bunun ardınca 56 yaşlı Tiflisdən olan Vaja Biqanişvili birdən-birə 9 nəfəri "oğru" elan edib: Paata, Mumuka, Nodar, Qiqu, İşxan, İrakli, Datio, Zviad və Zurik. Bu "sxodka"da Vajaya dəstək verənlər arasında "Qoca" da olub.
"Lotu Qoca"nın bu "sxodka"da iştirakının "Ded" tərəfdarlarının narazılığına səbəb olduğu məlum idi. Belə ki, bəzi "qanuni oğru"lar "Ded Xasan"ın ölümündən sonra "Lotu Qoca"nın bir vaxtlar düşmənçilik etdiyi azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") nüfuz dairəsinə daxil olmasını bağışlaya bilmirlər.
Qeyd edək ki, "Rövşən Lənkəranski"nin son aylar "Qoca" ilə Dubayda olduğu barədə xəbərlər yayılmışdı. O zaman bu mövzudan yazarkən qeyd etmişdik ki, "Ded Xasan"dan sonra kriminal aləmdə yaranmış çalxalanmada tərəf seçmək mərhələsi gəlib və ən nüfuzlu azərbaycanlı "qanuni oğru"lar "Rövşən Lənkəranski"nin yanında yer alıblar. Bu isə "Lənkəranski" cinahını seçənlərə real təhlükə idi.

Rusiya mətbuatı iddia edirdi ki, Azərbaycandan olan bəzi "qanuni oğru"lar belə bir qərar veribmiş ki, "Qoca"nın iştirak etdiyi "sxodka"ların nəticələri tanınmasın və ondan "tac" alanlar "oğru" hesab edilməsin.

Dünən aldığımız məlumatlarla bir qədər əvvəl yazdığımız məlumatlar da üst-üstə düşür. Qeyd olunur ki, "Lotu Qoca"nın xeyir-duası ilə 2 nəfər gürcünün, 1 nəfər azərbaycanlının "taclandırılması" "Ded Xasan" tərəfdarlarının kəskin etirazına səbəb olub. "Taclandırılanlar" ağır şəkildə cəzalandırılıb, onlardan biri ad alması üçün bahalı hədiyyə verdiyini deyib. Həmin hədiyyənin yarım milyon dollar qiyməti olduğu bildirilir. "Tormozlanmış" "taclılar"ın bu etirafından sonra "Lotu Qoca"nın ardınca Türkiyəyə 2 kürd əsilli killer göndərilib. "Tac"ı əlindən alınmışlardan birinin Şəmkirdən olduğu da bildirilir. Emin adlı həmin şəxsin əvvəllər Azərbaycanda məhkumluq həyatı yaşadığı, həbsdən azad ediləndən sonra Ukraynaya, oradan isə Moskvaya getdiyi haqda da xəbər var.

Xatırladaq ki, vaxtilə "Ded" klanında yer alan "Qoca" ilə "Rövşən Lənkəranski" arasında uzun müddət münasibətlərin gərgin olması haqda yazmışdıq. Hətta belə məlumatlar da vardı ki, 2012-ci ilin noyabrında "Ded Xasan"ın rəhbərlik etdiyi "sxodka" da R.Canıyevin "oğru" adının alınması ilə bağlı qərarı Azərbaycan həbsxanalarına göndərilməsini ("praqon") "Qoca" boynuna götürüb.

Qaynağımız deyib ki, həqiqətən də belə bir "praqon" olub. Buna baxmayaraq "Ded"in qətlindən sonra "Lotu Qoca" ilə "Rövşən Lənkəranski" dil tapa biliblər.

Bu isə qeyd etdiyimiz kimi "Ded Xasan" tərəfdarlarını qəzəbləndirib.

Kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Əlibala Həmidov ilk dəfə Azərbaycanda 1992-ci ildə adam öldürdüyünə görə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb. Onu "taclandıran" nüfuzlu "qanuni oğru" Mirseymur Abdullayev ("Nardaranlı Mirseymur" həm də "Rövşən Lənkəranski"yə "oğru" adı verib) olub. Bununla bağlı çağırılmış "sxodka" o dövrdə dava ilə bitib. Kriminal aləmin generallarından olan "Borçalı klanı"nın lideri Otar Bədəlov "Nardaranlı Mirseymur" arasındakı dava sonradan davam etdirilib. "Taclandırma" mərasimindən az sonra "Nardaranlı Mirseymur" Otarın adamları tərəfindən qətlə yetirilib.

"Lotu Qoca"nın "Ded Xasan" klanının tanınmış azərbaycanlı üzvü İlqar Cəbrayılovla yaxın münasibətləri olub. "Atbaş" ləqəbi ilə tanınan İ.Cəbrayılov Aslan Usoyanın klanı üçün çox mühüm adam olub. O, bilavasitə "Ded Xasan"ın mühafizəsinə cavabdeh idi, həmçinin klanda azərbaycanlılardan ibarət qruplaşmaya görə məsul şəxs təyin olunmuşdu. "Ded Xasan"ın qətlindən bir neçə ay sonra "Atbaş" da qətlə yetirildi. O da Bakıdakı Yasamal qəbiristanlığında dəfn olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31