Məmur arvadının qatili tapıldı
16 Avqust 2013 18:45 KriminalXəbər verildiyi kimi, avqustun 14-də saat 13 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Elmira Dadaşovanın yaşadığı Ə.Vahid küçəsi, 33 saylı evdə kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlərlə meyiti aşkar edilmişdir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, cinayətin açılması üçün təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
Rayonun hüquq mühafizə orqanlarının birgə gördükləri tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bu ağır cinayətin isti izlərlə açılması təmin edilmişdir. Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Abşeron rayonu, Hökməli qəsəbə sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğlu saxlanılmışdır. O, törətdiyi cinayət əməlini etiraf edərək cinayətin aləti olan bıçağı istintaqa təqdim etmişdir.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. ("OLAYLAR")