280 məhkum soydaşımız Azərbaycana gətirilib

Avqustun 14-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmisdə səfərdə olan Çin Xalq Respublikası Ədliyyə Nazirliyinin xarici əlaqələr xidmətinin və həbsxana administrasiyasının rəhbərləri nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında hüquqi əlaqələrin dinamik inkişafı qeyd olunmuş, hazırkı səfərin iki ölkənin ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsinə əlavə təkan verdiyi bildirilmiş, son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı ədliyyə, o cümlədən penitensiar islahatlar qonaqların diqqətinə çatdırılıb. Yekun olaraq Azərbaycan və Çin arasında məhkumların verilməsi haqqında müqavilə layihəsi paraflanmış və müvafiq razılaşma Protokolu imzalanıb. Çin tərəfi müqavilənin Pekində imzalanmasını təklif edib. Bu mühüm müqavilənin imzalanması ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin edilməsinə, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının genişləndirilməsinə və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq gələcəkdə cəmiyyətə qovuşmaqlarını asanlaşdıracaq. Məlumatda o da bildirilir ki, bu kimi dövlətlərarası sənədlərin implementasiyası nəticəsində son illər Ədliyyə Nazirliyi tərəfindən 142 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 280 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. Çində ölüm cəzasına məhkum olunmuş iki vətəndaşımızın cəzaları azadlıqdan məhrumetmə ilə əvəz edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31