“Seçki ilə bağlı Baş Prokurorluğa 365 müraciət olub”

Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. "Qafqazinfo" xəbər verir ki, kursların üçüncü günü Baş Prokurorun birinci müavini Rüstəm Usubov "Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri" mövzusunda məruzə ilə çıxış edib.

Rüstəm Usubov 6 ay ərzində Prokurorluq orqanları qarşısında görülən işlər haqqında məlumat verib. Onun sözlərinə görə, 2011-ci ildə qəbul olunmuş sərəncama əsasən Prokurorluğa işə qəbul üzrə əsasnamə qəbul edilməklə ən demokratik üsulla olan müsabiqə qaydasında həyata keçirilib: "Prokurorluq orqanlarında işləyən şəxslərin 52 faizini gənclər təşkil edir. Onlardan 70 nəfərdən çoxu respublika prokurorluğunun müxtəlif orqanlarında işləyir.

R. Usubov cinayət hadisələrinin istintaqı ilə bağlı aparılan işlərə də toxunub: "Əvvəlki illərlə müqayisədə bu ilin birinci yarısında soyğunçuluq 24 faiz, oğurluq, 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayətlər isə 17,3 faiz azalıb. Əvvəlki illərdə ən azı 500-600 qəsdən adam öldürmə cinayətləri qeydə alınırdısa, son illər 180-190 qəsdən adamöldürmə hadisəsi baş verir. Əvvəlki illər bu cinayətlərin 200-ü açılmamış qalırdısa, son illər 10-15 qəsdən adam öldürmə cinayəti açılmamış qalıb. Ümumilikdə isə bu ilin 6 ayı ərzində bu xarakterli cinayətlərdən cəmi 5 iş açılmayıb".

Rüstəm Usubov deyib ki, QHT-lərin korrupsiyaya qarşı mübarizədə aktiv iştirak edirlər. Onun sözlərinə görə, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi addımlar atıldığı qeyd edilib: "Korrupsiyaya qarşı mübarizədə cəza tədbirləri tətbiq olunur, eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar görülür. "Asan xidmət" mərkəzlərinin yaradılmasında da məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Korrupsiyaya qarşı mübarizədə, şəffaflığın artırılmasında İKT sahəsinin inkişafı çox mühümdür. Baş Prokurorluq tərəfindən 2013-cü ildə bununla bağlı xüsusi proqram hazırlanıb. Azərbaycan respublikasında qeydə alınmış cinayətlərdə bağlı Elektron Cinayət Sistemi yaradılıb. Elektron Cinayət Sistemində cinayət qeydə alınandan başlayaraq sonrakı prosedurlarla bağlı məlumatlar yer alır. Bu, bizim işimizi daha da asanlaşdırır".

Rüstəm Usubov qeyd edib ki, 2005-2006-cı illərdə ötən parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub: "Həmin müraciətlərin 102-si MSK-dan, 35-si dairə seçki komissiyalardan, 4-ü partiyalar blokundan, 31-ü hüquüq mhafizə orqanlarından, 193-ü isə vətənlaşlardan daxil olub. Həmin vaxt 20 DSK bağlı cinayət işi qaldırılıb. Eyni zamanda 10 DSK-nın nəticələri ləğv edilib. 4 dairə seçki komissiyasının nəticəsi MSK, 6 dairə seçki komissiyasının nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. 2008-ci ilin prezident seçkiləri zamanı isə Baş Prokurorluğa heç bir müraciət daxil olmayıb. Onun sözlərinə görə, 2010-cü ildə parlament seçkiləri ilə bağlı 89 müraciət daxil olub. Həmin müraciətlərin 83-ü MSK və DSK-lara göndərilib, 5-i ilə bağlı şərh verilib. Bir müraciətlə bağlı isə cinayət işi açılıb: "89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasında namizədliyi qeydə alınan Vidadi İsgəndərov tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə olunması ilə bağlıdır".

Rüstəm Usubov deyib ki, qanun pozuntularının sayının azalması seçki komissiyalarının işini düzgün qurmasının nəticəsidir: "Seçki komissiyaların fəaliyyətinə müdaxilə edənlər, partiyalar, bələdiyyələr, digər qurumların təmsilçiləri Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilər ".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31