Qızıl qaçaqmalçıları tutuldu
17 İyul 2013 17:15 KriminalDövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatına görə, Gürcüstan Respublikası istiqamətindən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına daxil olmuş Abdullayev Rəşad Muraz oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı 20-CV-185 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı yanacaq çəninin altındakı bir ədəd bağlamadan gömrük nəzarətindən gizlədilmiş qızıl-zinət əşyaları - 66 ədəd üzük-sırğa dəsti, 61 ədəd üzük, 24 sırğa cütü, 12 ədəd boyunbağı, 9 ədəd qolbaq, 6 ədəd kolye, 4 ədəd sırğa-üzük-klon dəsti, üzərində aparılmış şəxsi yoxlama zamanı isə gömrük nəzarətindən gizlədilmiş 2 ədəd qızıl külçə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ekspert arayışı ilə müəyyən edilmişdir ki, Abdullayev Rəşad Muraz oğlundan götürülmüş zərgərlik məmulatları qızıldan hazırlanmaqla ümumi çəkisi 1 kiloqram 273,70 qram təşkil edir.
Toplanmış material üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.