Bacısı qızını boğub öldürən gənc məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla bacısı qızını qətlə yetirməkdə təqsirli bilinən Hökməli qəsəbə sakini, 1985-ci il təvəllüdlü İlham Kərimovun cinayət işi üzrə məhkəmə başlayıb. Bu barədə "Olaylar"a məhkəmədən məlumat verilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs bu ilin martın 14-də, Abşeron rayonunun Nübar qəsəbəsinin Atyalı yaşayış massivində İlham Kərimov 15 yaşlı bacı qızı Aygünü boğaraq öldürüb.
Istintaq araşdırması zamanı müəyyən edilib ki, Aygün Kərimova Yevlax rayonunda yaşayırmış və hadisədən iki gün əvvəl evlərində çıxaraq Bakıya gəlib. İlham Kərimovun bacısı ona zəng edərək qızının xəbərsiz Bakıya gəldiyini və harada qalmasından xəbərsiz olduğunu deyib. İlham isə Aygünlə mobil telefonla danışaraq onu tapıb və öz evinə aparıb. Orada əlləri ilə bacısı qızını boğaraq öldürüb.
Daha sonra məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Törətdiyi cinayəti etiraf edən İlham Kərimov əməlindən peşman olduğunu bildirib. Məhkəmədə şahid ifadələri də dinlənilib. Məhkəmə iclası iyulun 17-də davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31