Qətldə təqsirləndirilən Azərbaycan çempionu həbs edilmədi

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Müseyib Cəfərovun barəsində çıxarılmış hökmdən zərərçəkmiş tərəfin verdiyi apelyasiya şikayətinə baxılıb. "OLAYLAR" xəbər verir ki, ittihama görə, 2010-cu ilin sentyabrında Bakının Yasamal rayonunda 30 yaşlı Taleh Məmmədov Müseyib Cəfərov tərəfindən odlu silahla qətlə yetirilib. Onların münaqişəsi "Diana" barında başlanıb. Sentyabrın 9-da gecə barda baş verən münaqişəni həll etmək istəyən Müseyib Cəfərov səhəri gün qara "Hyundai-Sonata"sı  ilə Talehin yaşadığı evə gələrək onu "razborkaya" çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Taleh qardaşına "O, tək gəlib, mən də tək gedəcəm" deyərək Müseyibin maşınına əyləşib.
İ.Qutqaşınlı küçəsində maşında aparılan mübahisə zamanı Müseyib Cəfərov tapança ilə hadisədən iki ay əvvəl ailə quran Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Hadisədən sonra Müseyib Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.
Bir vaxtlar peşəkar idmançı kimi adı çıxan Müseyib Cəfərovun adı sonradan böyük cinayət hadisələrində hallanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən "AZEL Azərbaycan Elektroniks" şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Lakin sonra Müseyib Cəfərov həbsdən azad olmağı bacarıb.
Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları Müseyib Cəfərovu tuta biliblər. 27 yaşlı Müseyib Cəfərov qətli törədəndən sonra ölkə ərazisində müxtəlif yerlərdə gizlənməyi bacarıb. Aparılan 4 aylıq əməliyyat-axtarış tədbirlərindən sonra Müseyib Cəfərov tutulub. Əməliyyatçılar onu 2011-ci il yanvarın 19-na keçən gecə saat 00:15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 3 ünvanındakı binanın qarşısında ələ keçiriblər.
Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan Müseyib Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Müseyib Cəfərovun barəsində ittiham hökmü çıxarmayıb. Məhkəmə belə nəticəyə gəlib ki, o, cinayəti törədərkən CM 21.1-ci maddəsinin təsiri altına düşüb. Buna görə də məhkəmə Müseyib Cəfərova cəzanın təyin edilməsini müvəqqəti olaraq təxirə salıb və onun barəsində qərar elan edib. Qərara görə, CM 120.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyi tutulmuş hesab edilərək haqqında tibbi xarakterli ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.
Həmin hökmdən zərərçəkmiş tərəf narazı qalıb və apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf apelyasiya şikayətində Müseyib Cəfərovun barəsində təyin edilmiş məcburi müalicənin ləğv edilməsini, onun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Bir müddət əvvəl apelyasiya şikayətinə baxılıb və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvəsində saxlanılıb. Lakin həmin qərardan zərərçəkmiş tərəf Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə işi yenidən apelyasiya instansiyasına qaytarıb və şikayətə baxılmasını tövsüyyə edib. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılsa da, apelyasiya şikayəti yenidən təmin edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31