Narkotik qaçaqmalçılığının qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində xüsusi əməliyyat tədbirləri həyata keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, rayonun girişində, yolun sağ tərəfində xüsusi yerdə gizlədilmiş 2 ədəd idman çantasındakı şəffaf sellofan paketlərdə 3 kiloqram 980 qram tiryək, 6 kiloqram 920 qram heroin, 4 kiloqram 925 qram həşiş qətranı, 6 kiloqram 520 qram qurudulmuş marixuana və 3 ədəd şüşə flakonda ayrı-ayrılıqda həcmi 55 ml olmaqla, təsiredici maddəsinin miqdarı 0,165 qram olan metadon, ümumilikdə 22 kiloqram 51 qram çəkidə 5 adda narkotik vasitələri götürmək üçün Kərimov Pərvin Akif oğlu ilə birlikdə sonuncunun idarə etdiyi "QAZ-24" markalı, 68BA194 dövlət nömrə nişanlı avtomobillə həmin əraziyə gəlmiş Kərimov Xəyal Akif oğlu gömrük əməkdaşlarının yaxınlaşdığını görüb içərisində narkotik vasitə olan çantanı əraziyə tullayaraq gəldiyi maşınla oradan uzaqlaşıb. Lakin həyata küçirilən əməliyyat tədbirləri nəticəsində o, Biləsuvar rayonu ərazisində saxlanılıb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə cinayət işi başlanıb. ilkin istintaqla müəyyən edilib ki, Kərimov Pərvin Akif oğlu satış məqsədi ilə İrandan Azərbaycana gətirilməsi barədə qardaşı Kərimov Xəyal Akif oğlu və istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub. Nəticədə 2 ədəd idman çantasına qablaşdırılmış ümumi çəkisi 22 kiloqram 51 qram olan 5 adda narkotik vasitələri Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirərək Cəlilabad rayonunun girişində xüsusi yerdə gizlədiblər. Cinayət işi üzrə külli miqdarda narkotik vasitələri qanunsuz dövriyyəsində iştirakı olan digər şəxsləri müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31