İran vətəndaşından aldığı narkotik vasitəni düz bağırsağında keçirmək istədi

Naxçıvan Muxtar Respublikası gömrük əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş cəhdin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı, 1960-ci il təvəllüdlü Cəlilabad rayon sakini Niftəliyev Natiq Yadulla oğlu narkotika əldə etməkdən ötrü Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmək qərarına gəlib. O, ifadəsində bildirib ki, yaşadığı kənddə əkdiyi buğdanın satışından əldə etdiyi  310 manat məbləğində pulu götürərək alış-veriş məqsədilə evdən çıxıb. Ələddin adlı İran vətəndaşı ilə bu ölkənin Biləsuvar şəhərindəki bir çayxanada görüş təyin edib. Apardığı pul miqdarında əldə etdiyi narkotik vasitəni gömrük nəzarətindən yayındırmaqdan ötrü bir hissəsini İranın Aslandüz şəhərində bədən üzvünə - düz bağırsağına yerləşdirib. Səhəri gün taksi ilə İranın Poldəşt şəhərinə çatıb, çayxanaların birində çay içdikdən sonra içində narkotika olan digər bükümləri də eyni üsulla özündə gizlədərək Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinə gəlib. Gömrük məntəqəsini keçərkən şübhəli şəxs qismində saxlanılan vətəndaş N.Niftəliyev Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə gətirilib. Üzərində şəxsi yoxlama aparılıb.  Bədən daxilindən ümumi çəkisi 389 qr olan iki növdə narkotik vasitə - heroin və həşiş  aşkarlanaraq götürülüb. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxsi üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31