Məhbusun həyat yoldaşı dolmanın içində telefon keçirmək istədi
9 İyul 2013 16:44 KriminalPenitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1; 150.2.3; 67.1 maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tural Nəsrullah oğlu Tahirovun yanına uzun müddətli görüşə gəlmiş həyat yoldaşı vətəndaş Arzu Fikrət qızı Tahirovanın, anası vətəndaş Sürayə Quzu qızı Tahirovanın və qardaşı vətəndaş Tehran Nəsrullah oğlu Tahirovun gətirdikləri sovqata baxış keçirilən zaman yarpaq dolması olan tavanın dibində xüsusi üsulla düzəldilmiş yerdən
3 (üç) ədəd "Nokia" markalı, 1 (bir) ədəd "Samsunq" markalı, 1 (bir) ədəd "Fly" markalı mobil telefon aparatları, 3 (üç) ədəd "GSM" danışıq kartları, 1 (bir) ədəd mobil telefon üçün nəzərdə tutulmuş ekran, 4 (dörd) ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının başlıqları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.