İran vətəndaşlarından 25 kiloqram narkotika tutuldu
25 İyun 2012 16:32 KriminalMilli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilmiş, onlardan ümumilikdə 25 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Belə ki, Azərbaycan Respublikasının vətəndaşı - Orucov Ruslan Arif oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Rəsul adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə gətirmişlər. Müəyyən edilmişdir ki, 2012-ci ilin may ayında Ruslan Orucov İran İslam Respublikasının Germi şəhərinə getmiş, orada tanışı Rəsul adlı iranlı ilə görüşmüş və ona 3 min ABŞ dolları ödəyərək 2 kiloqram tiryək sifariş vermişdir. Rəsul həmin narkotik vasitəni İrandan qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə keçirmiş və gizlədərək bu barədə Ruslan Orucova məlumat vermişdir. Ruslan Orucov da həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürərək Bakı şəhərinə gətirərkən saxlanılmış, baxış nəticəsində ondan 1 kiloqram 750 qram tiryək aşkarlanmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Kazımov Cavid Əliməmməd oğlu və Həmidov Şahbaz Əvəzağa oğlu saxlanılmışlar. Müəyyən edilmişdir ki, Cavid Kazımov, Şahbaz Həmidov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Abuzər adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə gətirmişlər. Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri istiqamətində gizli daşıyarkən yaxalanmış, keçirilmiş baxış zamanı onlardan 14 kiloqram 859 qram tiryək aşkar edilərək götürülmüşdır.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - İsayev Babək Abasxan oğlu, onun qardaşı İsayev Kənan Abasxan oğlu və Səfərov Aris Əjdər oğlu yaxalanmışlar. Məlum olmuşdur ki, Babək və Kənan İsayevlər, eləcə də Aris Səfərov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Məhərrəm adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Yardımlı rayonunun Arvana kəndinin ərazisinə gətirmişlər. Qrupun üzvü Babək İsayev əvvəlcədən əldə edilmiş razılığa əsasən qardaşı Kənan İsayevdə saxlanılan həmin narkotik vasitənin bir hissəsini Bakı şəhərinə daşıyarkən Salyan rayonu ərazisində yaxalanmış, baxış zamanı ona məxsus idman çantasından 6 kiloqram 765,9 qram tiryək aşkar edilərək götürülmüşdür. Eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan İsayev Yardımlı rayonunda, Aris Səfərov isə Şirvan şəhərində saxlanılmışlar. Aris Səfərovun yaşadığı evə keçirilmiş baxış nəticəsində 1 kiloqramdan artıq tiryək aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində uzun müddət hüquq mühafizə orqanlarından yayınmağa müvəffəq olan Azərbaycan Respublikasının vətəndaşı Quliyev Fikrət Rəsul oğlu Bakı şəhərində saxlanılmış, keçirilmiş baxış nəticəsində onun üzərindən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülmüşdür.
İyun ayının 22-də həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Əliyev İrmak Məhəmməd oğlu və Ələsgərova Fizzə Məhərrəm qızı saxlanılmışlar. Keçirilmiş baxış nəticəsində onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, İrmak Əliyev, Fizzə Ələsgərova və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Fuad adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni qacaq yolla İrandan Azərbaycana gətirmişlər.
Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.