Baş Prokurorluq daha bir məmuru rüşvət alarkən yaxaladı
25 İyun 2012 16:26 KriminalBakıda Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı rüşvət alarkən yaxalanıb. Bu barədə "OLAYLAR"a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, Bakı şəhər sakininin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Quliyev Səməd Dadaş oğlunun ondan yaşadığı evin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsinə görə rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, Səməd Quliyev ona müraciət edən Bakı şəhər sakinindən yaşadığı evin özəlləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün tələb olunan yaşayış evinin plan ölçüsü və 2 saylı formanın verilməsindən ötrü 1000 manat pul tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səməd Quliyev iyunun 21-də xidməti otağında 500 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Fakla bağlı Səməd Quliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Sahə mühəndisi təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.