Bakıda taninmış restoranlar şəbəkəsinin kassirini girov götürdülər

Hadisə “Anadolu” restoranlar şəbəkəsinin yeməkxanasında baş verib

Bakıda adam girov götürmə faktı qeydə alınıb. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Heydər Əliyev prospektində yerləşən "Anadolu" restoranlar şəbəkəsinin yeməkxanasında baş verib.  Yeməkxananın əməkdaşı Mübariz Səmədov şirkətin kassirini (adı açıqlanmır) girov götürüb. Kassir müxtəlif yollarla qaçaraq girovluqdan azad olub və bu barədə dərhal polisə məlumat verib.  Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində M. Səmədovun gizləndiyi yer müəyyənləşib və ora əməliyyat qrupu çıxıb. İfşa olunduğunu görən M. Səmədov polisə silahlı müqavimət göstərib. Hətta o havaya bir neçə dəfə atəş açaraq təslim olmaq istəməyib. Lakin M. Səmədovun məsuliyyətdən yayınma cəhdləri baş tutmayıb və o zərərsizləşdirilərək Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılıb.

Hazırda həmin faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31