375 kiloqramdan artıq narkotik vasitə məhv edilib
1 İyul 2013 14:27 Kriminal"Beynəlxalq Narkotiklərlə Mübarizə Günü" ərəfəsində 375 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Məhvetmə Komissiyası tərəfindən məhv edilib. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, narkotik vasitələr Məhvetmə Komissiyası tərəfindən komissiyanın sədri Əli Həsənovun tağşırığına əsasən, "Bakı Neft Mədən Maşınqayırma Zavodu"nun inzibati ərazisində yandırılıb. Məhkəmə hökmləri ilə müsadirə olunaraq məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 31 kiloqram 261,674 qramı heroin, 121 kiloqram 364,38 qramı marixuana, 73 kiloqram 737,9 qramı isə həşiş olub. Bundan başqa 57 kiloqram 738,761 qramı tiryək, 34 kiloqram 708,35 qram çətənə bitkiləri, 53 kq 987,5 qram xaş-xaş və 2 kiloqram 305,306 qram metamfetamin də məhv edilib.