Buzovnada fəhlənin həyətindən 6 kiloqram marixuana tapıldı

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. "Qafqazinfo" həmin xəbərləri təqdim edir: İyunun 21-də 20 Yanvar küçəsində yerləşən ev alqı-satqı ofisindən orada işləyən Faiq Əliyevə məxsus 2 ədəd mobil telefon oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Zakir Əliyev iyunun 23-də yaxalanıb. Xəzər RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Albalılıq yeni yaşayış sahəsində yaşayan Heybət Hüseynovdan ümumi çəkisi 120 qramdan artıq olan 12 ədəd çətənə kolu aşkar edilib. İyunun 22-nə keçən gecə Mərdəkan qəsəbəsi R. Qasımov küçəsində Cəmşid Pənahova və Sahil küçəsində Elçin Məmmədova məxsus mağazalardan pəncərə sındırma yolu ilə pul və danışıq kartları oğurlanıb. Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Lənkəran şəhər sakinləri Telman Tağıyev və Nəcməddin Süleymanov iyunun 23-də yaxalanıb. İyunun 16-da B.Sərdarov küçəsində Bakı şəhər sakini Roman Mirzəyevə məxsus velosiped oğurlanıb. Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Çingiz Peysaxov iyunun 23-də yaxalanıb. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə axtarışda olan Mirhəsən Tağıyev iyunun 22-də yaxalanıb. İyunun 14-də Qasım bəy Zakir küçəsində yaşayan Mehman Zeynalova məxsus mağazadan qapını sındırma yolu ilə 400 manat və tütün məmulatları oğurlanıb. Nizami RPİ 23-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Gürcüstan vətəndaşı Kamil Poladov, Bakı şəhər sakinləri Samir Süleymanlı, Elsevər Cəfərov və Hacıqabul rayon sakini İsa Cavadov iyunun 23-də yaxalanıb. İyunun 22-də Bakıxanov qəsəbəsi M. Fətəliyev küçəsində qəsəbə sakinləri Mehti Əmirov Elbəy Əkbərlini bıçaqla qətlə yetirdiyinə görə, Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb. İyunun 22-i saat 19:15 radələrində Ukrayna dairəsində Ağdam rayonu sakini Amil Əliyev idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə idarəetməni itirərək Abşeron rayon sakini İlqar Paşayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində İ. Paşayevin avtomobilində olan qardaşı Vüqar Paşayev xəsərətlə 3 saylı xəstəxanaya yerləşdirilib, digər sərnişini Elmidar Səfərəliyev aldığı xəsarətdən hadisə yerində ölüb. Xəzər RPİ NMB və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Tərxan Manafovun həyətində yerləşən istixanada fəhlə işləyən Ramana qəsəbə sakini Vüqar Qurbanovun əkib becərdiyi yaş çəkisi 6 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu və yaşadığı evə baxış keçirilərkən əlavə olaraq 6 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Nərimanov RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini Vüqar Cəfərovdan 46 qramdan artıq heroin aşkar edilib. Keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitəni ona satan Bakı şəhər sakini Sənan Şeydayev və S.Şeydayevə satan Taleh Nəzərov yaxalanıb. Taleh Nəzərovun üzərindən 9 qramdan artıq heroin, yaşadığı II Zabrat qəsəbəsi Engels küçəsindəki mənzilindən əlavə olaraq 4 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31