Polkovnik İsa Sadıqov saxlanılıb?
Onun Gürcüstanda saxlanıldığı, Azərbaycana ekstradisiya ediləcəyi bildirilir
20 İyun 2013 21:44 KriminalRespublika Hərbi Prokurorluğunun beynəlxalq axtarışa verdiyi müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri, Norveçdə siyasi mühacirətdə yaşayan və iyunun 7-də Azərbaycan müxalifətinin elan etdiyi Milli Şuraya üzv seçilən polkovnik İsa Sadıqovun saxlanılması ilə bağlı xəbər yayılıb.
"Virtualaz.org" saytının verdiyi məlumata görə, Sadıqovun dünən Gürcüstanda saxlanılması haqqında yaxın ətrafından məlumat verən mənbə artıq onun Azərbaycana ekstradisiya edilməsini nəzərdə tutan sənədlərin hazırlanmasına başlandığını söyləyib.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun iyunun 19-da yaydığı məlumata görə, ehtiyatda olan polkovnik, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 23 yanvar, 1996-cı il tarixli hökmü ilə 01 sentyabr, 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan CM-nin 244-cü maddəsinin "a" bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Sadıqov İsa Nəzər oğlunun CM-in 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması aparılır.
Bununla əlaqədar 25 fevral, 1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən faktı üzrə 01 sentyabr, 2000-ci il tarixinədək qüvvədə olmuş CM-in 255-ci maddəsinin "v" bəndi ilə cinayət işi başlanıb və istintaq aparılıb. 14 aprel, 2012-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 dekabr, 2001-ci il tarixli qərar təzələnib və CM-in 341.3-cü maddəsinə tövsif edilib. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
"Virtualaz.org" saytının əməkdaşı polkovnikin həbs olunması xəbərini aldıqdan sonra dünən və bu gün davamlı olaraq onunla əlaqə saxlamağa çalışıb. Lakin İsa Sadıqovun mobil telefonuna zəng çatmayıb. Hər gün sosial şəbəkədə statuslar paylaşan polkovnikin səhifəsi də artıq iki gündür ki, açılmır.
Xəbəri dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova telefon açan əməkdaşımıza belə cavab verilib: "Bizdə bu barədə məlumat yoxdur".