Çingiz Ağasənov cinayət başında yaxalandı

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində ölkənin maliyyə-pul sisteminə ciddi təhlükə yaradan saxta ödəniş vasitələrinin qeyri-qanuni tədavülə buraxılmasının qarşısı alınmış, Azərbaycan Respublikasının vətəndaşı Ağasənov Çingiz Müseyib oğlu cinayət başında yaxalanmışdır.Müəyyən edilmişdir ki, Çingiz Ağasənov və qeyriləri satış məqsədi ilə Türkiyə Respublikasında əldə etdikləri külli miqdarda saxta xarici valyutanı satış məqsədi ilə Azərbaycan Respublikasına gətirmişlər.Çingiz Ağasənovun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evinə keçirilmiş baxış nəticəsində 137 ədəd saxta 100 ABŞ dolları əskinasları aşkar edilərək götürülmüşdür.Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci (satış məqsədilə külli miqdarda saxta xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılmışdır. Ağasənov Çingiz Müseyib oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31