Bakıda cərimə meydançasında baş verən yanğının səbəbləri açıqlandı

Bakıda cərimə meydançasında baş verən yanğının səbəbləri açıqlanıb. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, ilkin ehtimallara görə, yanğına səbəb cərimə meydançasının kənarından keçən elektrik naqillərinin güclü külək nəticəsində cərimə meydançasındakı avtomobillərin üzərinə düşməsi olub. Əliyev qeyd edib ki, xəsarət alan avtomobillər 5-10 ildir cərimə meydançasında qalan, istifadəyə yararsız avtomobillər olub: "Onlar qəzaya uğramış, əzilmiş avtomobillərdir. Sahiblərinə dəfələrlə xəbərdarlıq edilsə də, onlar avtomobillərini cərimə meydançasından aparmayıblar. Şöbə rəisi deyib ki, cərimə meydançasından kənarda dayanan cəmi bir yeni avtomobilə zərər dəyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb. Məlumatda qeyd olunur ki, ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31