İsa Sadıxov beynəlxalq axtarışa verildi

Hərbi Prokurorluğun Xüsusi İstintaq İdarəsi onun barəsində müharibə dövrü və ya döyüş şəraitində və ya hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, səlahiyyət həddini aşma maddəsi ilə cinayət işi açıb

N saylı hərbi hissənin keçmiş komandiri, polkovnik İsa Nəzər oğlu Sadıxov beynəlxalq axtarışa verilib. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə "vesti.az" saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.  Məlumata görə, Hərbi Prokurorluğun Xüsusi İstintaq İdarəsi İsa Sadıxov barəsində Cinayət Məcəlləsinin 341.3 (müharibə dövrü və ya döyüş şəraitində və ya hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, səlahiyyət həddini aşma) maddəsi ilə cinayət işi açıb. İş üzrə araşdırma aparılır.  2001-ci ildən Norveçdə olan və bu yaxınlarda Türkiyəyə səfər edən polkovnik bildirib ki, Azərbaycanda baş verən hadisələri diqqət mərkəzində saxlayır və tezliklə Bakıya gəlmək istəyir.  Onun sözlərinə görə, Azərbaycanda seçki ərəfəsində Milli Şuraya da qoşula bilər. İsa Sadıxov həmçinin fəaliyyəti dondurmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin üzvüdür.

Xatırladaq ki, İsa Sadıxov 1992-ci ildə müdafiə nazirinin müavini olub və Azərbaycanın qərbindəki hərbi əməliyyatlara rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31