Təhlükəli məhbusların siyahısı açıqlandı
11 sentyabr terror aktları ilə bağlı 5 şübhəli hakim qarşısında
18 İyun 2013 12:00 KriminalABŞ-da 2001-ci il 11 sentyabr terror aktlarının təşkil olunmasına yardım etməkdə şübhəli bilinən 5 Quantanamo məhbusunun məhkəmə işi bərpa edilir. Məhkəmədən əvvəl 5 gün davam edəcək ilkin dinləmələr olacaq. Müttəhimlər kürsüsündə əyləşənlər arasında 11 sentyabr hücumlarını təşkil etdiyini etiraf edən 1 nömrəli şübhəli Xalid Şeyx Məhəmməd də var. Qeyd edək ki, işlə bağlı 5 şübhəli sonuncu dəfə fevral ayında hakim qarşısına çıxarılmışdı.
Bu arada, ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması prosesi ilə məşğul olacaq xüsusi nümayəndənin seçilməsinə göstəriş verib. Göstərişə əsasən, ABŞ Dövlət Departamentinin nəzdində Quantanamonun Bağlanması Ofisinə Klifford Sloun rəhbər seçilib. Qeyd edək ki, Barak Obama Kubada ABŞ hərbi-dəniz qüvvələrinin bazasında yerləşən Quantanamo həbsxanasının bağlanmasına dair göstərişi 2009-cu il yanvarın 22-də imzalasa da, həbsxanada hələ də 166 məhbus saxlanır.
Həmçinin ABŞ prezidentinin administrasiyası Quantanamo həbsxanasında saxlanılan məhbuslardan ən təhlükəlilərinin siyahısını hazırlayıb. Siyahıda 46 məhbusun adı var. Onların əksəriyyətinin Yəmən və Əfqanıstan vətəndaşları olduğu bildirilir.