Azərbaycanlı teleaparıcı ad günündə ev dustağıdır (FOTO)
Məşhur teleaparıcı ölümlə hədələndiyindən 47 yaşını qeyd edə bilməyəcək
18 İyun 2013 11:12 KriminalÜç gün əvvəl silahlı basqına məruz qalan Azərbaycanın məşhur teleaparıcısı İlham Mirzəyevin ad günüdür. Ölümlə hədələnən aparıcı ANS PRESS-ə açıqlamasında görə, baş verənlər üzündən 47 yaşını qeyd etməyəcək."Əlbətdə ki, ailəm və özüm ölümlə hədələnməsəydim restoranların birində doğmalarımla birlikdə bu şad günümü qeyd edəcəkdim. Təəssüflər olsun ki, mümkün deyil... Qorxmuram, amma ehtiyat edirəm. Eyni zamanda da ailəm sarsıntı keçirib. Ad günü ərəfəsində belə bir hadisənin törədilməsi heç də yaxşı olmadı... İnşallah, hər şey yoluna düşər."-deyən İlham Mirzəyev, hadisə ilə bağlı sabah Yasamal Rayon Prokurorluğu və Yasamal rayon Polis İdarəsinə çağrıldığını bildirdi.Qeyd edək ki, İlham Mirzəyev Space TV-də yayımlanan "Etiraf" və "Etibar edin" müəllif proqramlarının aparıcısıdır. 22 illlik televiziya fəaliyyətinin 8 ilini AzTV-də, 14 ilini Space TV-yə həsr edib. O, teleaparıcılıqla yanaşı elmi fəaliyyətini də davam etdirir. Psixologiya üzrə fəlsəfə dokturu və dosent dərəcələri alıb. 7 monaqrafiyanın, 3 dərs vəsaitinin, 70-ə yaxın elmi məqalənin müəllifidir.İlham Mirzəyev 1966-cı ilin 18 iyununda dünyaya gəlib. 13 ildir evlidir. 10 yaşında Həsən adlı oğlu və 2 yaşında Məsumə adlı qızı var.Xatırladaq ki, İlham Mirzəyev cümə günü axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıb.Özünün və ailəsinin təhlükə altında olduğunu başa düşən İlham Mirzəyev hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Teleaparıcı bununla yanaşı ölkə başçısına, DİN-ə, Respublika Prokurorluğuna müraciət edərək özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib. İlham Mirzəyev şikayətində hücum edən şəxslərin silahlı olduğunu deyib.