Ucarda pomidordan kütləvi zəhərlənmə VIDEO

10 nəfər xəstəxanaya müraciət edib

Ucarda kütləvi zəhərlənmə hadisəsi olub. Ucar rayonunda bir ailənin səkkiz üzvü yedikləri pomidordan zəhərlənib. Qida zəhərlənməsi Ucarın Qazyan kəndində qeydə alınıb. Belə ki, şam yeməyində paxla ilə pomidor yeyən kənd sakini 74 yaşlı Ələsgər Əliyevin ailə üzvləri yeməkdən az sonra özlərini narahat hiss ediblər. Ailə səhəri gün dərhal həkimə müraciət edib. Zəhərlənənlər ailə başçısı Ələsgər, oğlanları Teymur, Sərxan, gəlinləri Aygün, Məleykə və nəvələri Zeynəb, Fuad, Leyla Əliyevalardır. Vəziyyətləri ağır olan ailə üzvləri xəstəxanaya yerləşdirilib.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən azyaşlılardan Zeynəb Əliyevanın 6, Fuad Əliyevin 5, Leyla Əliyevanın isə 1 yaşı var. Həkimlərin ilkin tibbi yardımı sayəsində Əliyevlər ailəsinin səhhətini stabil vəziyyətə qaytarmaq mümkün olub. Ailə üzvlərindən bir nəfərin Teymur Əliyevin vəziyyəti normallaşdığından isə artıq evə buraxılıb. Digər yeddi nəfər isə hələlik stasionar müalicə qəbul edirlər. Həkimin sözlərinə görə, xəstəxanaya daxil olarkən 3 uşaqdan ikisinin vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağır olub. Hazırda, 5 xəstənin vəziyyəti kafidir: "Müvafiq yardımlar göstərilib. İntaksiyasiya əlehyinə tədbirlər aparıldıqdan sonra hazırda xəstələrin vəziyyəti stabildir. İki nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti isə kafi kimi qiymətləndirilir. Hazırda, müalicə davam etdirilir. Ailənin digər böyük beş üzvü infeksion şöbədə müalicə alırlar. Onlarda müvafiq tədbirlər görülür. Bir nəfər yaxşılaşdığından evə buraxılıb. Onlar da nəzarət altındadır".

Qeyd edək ki, zəhərlənənlərin mədəsindən götürülən qida nümunələri və qan analizi araşdırılmaq üçün müvafiq laboratoriyaya göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31