Baş Prokurorluq saxta diplomla tərbiyəçi işləyən qadın ifşa etdi

Bakı da uzun müddət saxta diplomla bağça tərbiyəçisi işləyən qadın ifşa olunub. Bu barədə "OLAYLAR"a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, şəhər sakini Sadıqova Tovuz  Səməd qızının 2003-cü ildə saxta diplomla Xətai rayonu, 202 saylı uşaq baxçası-körpələr evinə tərbiyəçi vəzifəsinə işə qəbul edilməsinə dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, T.Sadıqovanın Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirməsinə dair diplomunun saxta olması 2011-ci ilin noyabrında baxçanın müdirəsi Simuzər Bənənyarlıya məlum olsa da, həmin sənədin doğruluğunun yoxlanılması üçün Təhsil Nazirliyinin "Pedaqoji işə qəbul prosesinin tənzimlənməsi barədə" sərəncamına müvafiq olaraq dərhal sorğu verilməyib, bundan əlavə həmin sərəncamın tələbinə uyğun olaraq baxça müdirəsi və aidiyyəti təhsil qurumlarının əməkdaşları tərəfindən 2003-2012-ci illərdə diplomun doğruluğunun yoxlanılması üçün heç bir təbdir görülməməklə  onun uzun müddət qanunsuz işləməsinə və dövlət vəsaitini almasına şərait yaratmaları nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi  ilə  cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31