Gecə saatlarında Lənkəranda həyəcanlı anlar yaşandı VIDEO
Aqşin Əliyevə məxsus həyətdən ətrafa yayılmış kəskin qoxu kütləvi zəhərlənmə təhlükəsi yaranıb
6 İyun 2013 17:14 KriminalÖtən gecə Lənkəranda kütləvi zəhərlənmə təhlükəsi yaranıb. Buna səbəb zəhərli kimyəvi maddənin ətrafa yayılması olub. Lənkəran şəhəri Zərifə Əliyeva küçəsindəki 42-ci məhəllə deyilən ərazidə yaşayan Əliyev Aqşin Rafiq oğluna məxsus yarımçıq tikilinin həyətindən ətrafa yayılan kəskin qoxu dünən axşam saatlarında pik həddə çatdığından dərhal əlaqədar qurumlara müraciət edilib. Hadisə yerinə operativ olaraq FHN cənub regional mərkəzinin əməkdaşları cəlb edilib.
Araşdırma zamanı məlum olub ki, hər birinin çəkisi 500 kq olan iki dəmir çəndə sıxlaşdırılmış xlor qazı var və onun sızaraq ətrafa buxarlanması kəskin qoxu, eyni zamanda, ətrafdakı əhalinin zəhərlənməsi təhlükəsini yaradır. Həyət sahibi isə sisternləri il yarım əvvəl kanalizasiya borusu kimi istifadə etmək məqsədi ilə aldığını, içindəki maddənin təhlükəli olduğunu bilmədiyini deyir.
FHN xüsusi təyinatlıları tərəfindən dərhal mənbənin zərərsizləşdirilməsi istiqamətində əməliyyata başlanılıb. Əvvəlcə əhaliyə xəbərdarlıq edilib, sonra korroziyaya uğramış sisternlərin ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilməsi qərara alınıb və əraziyə ağır texnika cəlb edilib. Saat yarım davam edən əməliyyat xlor qazının suda zərəzsizləşdirilməsi ilə başa çatıb.
Qeyd edək ki, içərisində sıxılmış xlor qazı olan sisternlər sovet dövründən qalmadır və su hövzələrinin dezinfeksiya olunması məqsədilə istifadə edilib.