Xaçmaz DYP-nin rəis müavini qohumunun cinayətlərini ört-basdır edir

İlqar Balabəyov qardaşı oğlunun şikəst etdiyi zərərçəkmişləri ölümlə hədələyir

Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəis müavini rayonda özbaşınalıq edir. Bu barədə "OLAYLAR"a rayon sakini Taleh Seyidov məlumat verib. Şikayətçinin dediyinə görə, yol polisinin rəis müavini  İlqar Balabəyov rayonda törədilən ağır yol qəzasının səbəbkarını gizlətməklə zərərçəkmişlərə hədə-qorxu gəlir, onları susdurmağa cəhd edir. Taleh Seyidov iddia edir ki, qəza hadisəsini polis mayoru İlqar  Balabəyovun qardaşı oğlu törətsə də, polis mayoru cinayətin izini itirmək istəyir. O bu məqsədlə də tabeçiliyində olan bütün yol polislərinə tapşırıq verib: "Hadisə martın 16-da baş verib.  Həmin gün saat 15:30 radələrində Gəndob-Yalama yolunun 25-ci kilometrində, yolun Xaçmaz rayon mərkəzindən keçən hissəsində Balabəyov Valeh Yaşar oğlunun idarə etdiyi Lexsus-RX 330 markalı 90 ME 330 dövlət qeydiyyat nişanlı maşınla Gənboy istiqamətinə doğru hərəkət edən və kəsik keçid xətlərindən dönmək üçün gözləyən Məmmədov Elvinin idarə etdiyi Vaz 21099 markalı, 27 BH 040 dövlət nömrə nişanlı avtomobili arxadan vuraraq yolun kənarına tullayıb. Hadisə nəticəsində Elvin Məmmədovla  birlikdə üç nəfər ağır xəsarət alıb. Valeh Balabəyov 4 nəfəri maşınla birlikdə vurub yolun kənarına atıb. Hadisəni törədən Balabəyov Valeh polis mayoru İlqar Balabəyovun qardaşı oğludur. Hadisə baş verən kimi polis mayoru, Xaçmaz rayon  DYP-nin rəis müavini Balabəyov İlqar hadisə yerinə gələrək hadisənin doğru qeydə alınmasına imkan verməyib". Şikayətçi deyir ki,  İlqar Balabəyov qardaşı oğlunun idarə etdiyi və hadisə törətdiyi Lexsus markalı maşının dövlət nömrə nişanını üzərindən çıxararaq avtomobili nömrə nişanı olmayan avtomobil kimi qeydiyyata aldırıb. Avtomobilin şəkilləri nömrəsiz çəkilərək başlanan araşdırma işlərinə əlavə edilib. Bundan sonra isə o polislərə bu işi araşdırmamağı  tapşırıb. Taleh Seyidov deyir ki, iş bununla bitmir. Valeh Balabəyov hətta zərərçəkmişlərə də hədə-qorxu gələrək onları şikayət etməkdən çəkindirir. Onun sözlərinə görə, polis mayoru bu məqsədlə Elvin Məmmədov və digər zərərçəkmişləri hətta ölümlə, şərləməklə hədələyir: "Maddi ziyanı bərpa etmək əvəzinə balabəyovlar ailəsi baş verən hadisədən ağır xəsarət alanlara hədə-qorxu gələrək dəyən ziyanı ödəməkdən boyun qaçırmaqla bərabər onları tutulmaqla da hədələyirlər. Hazırda iş araşdırılmamış qalıb. Zərərçəkmişlər isə qorxularından heç bir quruma şikayət edə bilmirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31