Azərbaycanda dünya çempionu 12 il azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən, sambo üzrə dünya və Avropa çempionu, 33 yaşlı Emin Məmmədovun məhkəməsi başa çatıb."OLAYLAR"ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Emin Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Emin Məmmədov bir qrup şəxslə birlikdə 2005-ci il avqustun 28-də saat 17:00 radələrində Qaradağ rayonunun Lökbatan-Xocahəsən magistral yolunun kənarında Mahir Səfərov və onunla bir olan şəxslər ilə odlu silahla atışıb. Həmin atışmada iştirak edən və sonradan istintaqdan qaçıb gizlənən 6 nəfər şəxs, o cümlədən Ramil İsgəndərov və Elvin Əliyev barələrində həbs-axtarış elan edilib. Lakin sonra onlar Rusiyadan qayıdaraq özlərini istintaq orqanına təqdim ediblər. Həmin hadisənin iştirakçılarından biri - Vüsal Əliyev isə Belarusda tutulub.
Pul üstündə baş verən silahlı atışmada iştirak edən şəxslər əsasən Ağdam və Zəngilan sakinləri olublar. Hadisə zamanı Bakı sakini olan 29 yaşlı Elnur Salahov çoxsaylı güllə yarası alıb.
Emin Məmmədov 7 ildən sonra könüllü istintaqa təslim olub.
Əslən Ağdam rayonundan olan Emin Məmmədov 1995-ci ildən başlayaraq dəfələrlə respublika, sonra isə dünya, Avropa çempionu, həmçinin dünya kubokunun sahibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31