Daha bir narkotika qaçaqmalçısı olan mütəşəkkil dəstə zərərsizləşdirildi
23 May 2013 15:31 KriminalAzərbaycan gömrükçüləri daha bir narkotik qaçaqmalçılığının qarşısını alıb. Bu barədə "OLAYLAR"a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan gələn İran vətəndaşları Fathi Saleh Gholam və Assadi Rasoul Bahloulun idarə etdikləri "Volvo B72R" markalı, İR 17392 dövlət nömrə nişanlı sərnişin avtobusu gömrük nəzarətindən keçirilərkən, "Kazir" ləqəbli kinoloji xidmət itinin reaksiyasına əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə salondakı 29, 33, 36, 37, və 40 nömrəli oturacaqların hər birinin arxa üzlüyünün aşağı hissəsində alt tərəfdən xüsusi olaraq yerləşdirilib gömrük nəzarətindən gizlədilmiş, qara rəngli izolizasiya lenti ilə sarınmış 4 ədəd plastik qab və 1 ədəd plastik borunun içərisindən 12 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 3 kiloqram 925 qram həşiş qətranı, 3 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 236,148 qram tiryək, 2 bağlamada ümumi xalis çəkisi 186,19 qram heroin və 1 bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda xalis çəkisi 0,125 qram metadon narkotik vasitələri aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb, Fathi Saleh Gholam və Asadi Rasoul Bahloul şübhəli şəxs qismində saxlanılıb. Dindirmələr zamanı məlum olub ki, aşkarlanan narkotik vasitələri digər bir İran vətəndaşı Zomorrodnia Edris Aga Karim sərnişin avtobusuna gizli olaraq yerləşdirib, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən Zomorrodnia Edris Aga Karim şübhəli şəxs qismində tutulub. Zomorrodnia Edris Aga Karima qarşı ittiham elan edilib və Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə cinayətdə iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.