Güləş üzrə Azərbaycan çempionu kanalda boğuldu

Kanalda batan Şəmkir sakininin meyiti 7 saat sonra tapılıb

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə 13 yaşlı məktəbli kanalda boğularaq ölüb. Onun meyiti 7 saat sonra batdığı yerdən bir xeyli aralıda aşkarlanıb. Dünən saat 14:00 radələrində Şəmkirin Yeniabad kəndində bədbəxt hadisə baş verib. Belə ki, Kür qəsəbə sakinləri 13 yaşlı Elmar Həsənov və 11 yaşlı Emin Abdullayev sözügedən kəndin ərazisindən keçən kanalda çimərkən Elmar Həsənov suda boğularaq batıb. Onun meyiti çətinliklə aşkarlanıb. Kanalın içərisində kəsici və deşici alətlərin olması dalğıcların axtarış aparmalarına maneələr yaradıb. Yalnız xüsusi nasoslar vasitəsi ilə ərazidəki su qismən çəkildikdən sonra dalğıclar hərəkətə keçiblər. Bu isə təxminən 7 saat vaxt aparıb. Rəfiqə Abbasova - yaxın qohumu: "Bu qədər insan toplaşıb, heç bir nəticə yoxdur. Deyirəm, maşın gətirin, suyu çəkin, o da tapılsın. Axşam olur axı, nə vaxt tapacaqlar?"
Emin Abdullayev - şahid: "Suya düşdü, mən də çığırıb camaatı köməyə çağırdım. Hamı gəldi. Ancaq heç kim kömək edə bilmədi".
Dünya Quliyeva - nənəsi: "İşdən gələndə gördüm, camaat yığılıb. Dedilər, uşaq batıb. Evə çatanda eşitdim ki, nəvəmdir. Evim yıxılıb".
Axşam saat 21:30 radələrində Elmar Həsənovun meyiti batdığı yerdən bir xeyli aralıda tapılaraq ailəsinə təhvil verilib. Şəmkir rayon prokurorunun köməkçisi Rəcəb Hacıyevin bildirdiyinə görə, hadisə ehtiyatsızlıq ucbatından baş verib.
Rəcəb Hacıyev- Şəmkir rayon prokurorunun köməkçisi: "Yeniabad kəndi ərazisindən keçən yeraltı su keçidinin yaxınlığında kanalın digər tərəfində suda boğularaq ölüb. Görülmüş tədbirlər nəticəsində Elmar Həsənovun meyiti saat 20:30 radələrində kanaldan çıxarılaraq valideynlərinə təhvil verilib".
Qeyd edək ki, bu kanalda analoji hadisələr tez-tez baş verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31