Bakıda əfqan iş adamı tərəfindən işgəncə verilən qız yoxa çıxdı

Ata: “Başı o qədər divara vurulmuşdu ki, beynindən qan gəlirdi”

Bakının Xətai rayonu ərazisində Əfqanıstan vətəndaşı tərəfindən qaçırılaraq işgəncə verilən gənc qadın yoxa çıxıb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Şıxlinski küçəsi ev 23, mənzil 28-də yaşayan 23 yaşlı Ülviyyə Mikayıllı mayın 15-də evdən çıxıb və geri qayıtmayıb.

Ülviyyənin atası Ağaəli Mikayıllı bildirib ki, qız mayın 15-də gecə saat 03 radələrində evdən gedib. Onun sözlərinə görə, qızı martın 16-da işlədiyi tikiş sexinin əfqan müdiri Həmir Rezayi tərəfindən qaçırılıb. Həmin vaxt Ülviyyəni evlənmək məqsədi ilə aldığı bildirilsə də, bunun əksi olub. Təxminən 40 gün sonra Ülviyyəni döyülmüş və əzilmiş halda qardaşı oğlu Şamil evə qaytarıb. Həmin vaxt Ülviyyənin əfqanla yaşadığı evin divarları qan içərisindəymiş. Ülviyyənin başı o qədər divara vurulmuşdu ki, beynindən qan gəlirdi.

A.Mikayıllı qeyd etdi ki, həmin vaxt qızına işgəncə verilməsi ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət olundu: "Hazırda iş məhkəmə ərəfəsindədir. Şübhələnirəm ki, həmin əfqan məhkəmədən yayınmaq üçün Ülviyyəni aparıb. Bəlkə, aparıb qızımı öldürüb ki, iz itsin. Mənə də heç bir məlumat verilmir".

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən bildirilib ki, məsələ ilə bağlı açıqlama verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31